Yeni Klinikada Azərbaycan Hepato-Pankreato-Biliar Cərrahlar İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilən "Qaraciyər sağlamlığı və transplantasiya mövzusunda maarifləndirmə" layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir baş tutub.
Tədbirin açılışında çıxış edən Azərbaycan Hepato-Pankreato-Biliar Cərrahlar İctimai Birliyinin sədri Eldar Əhmədov ölkədə transplantasiya sahəsinin inkişaf dinamikasına diqqət çəkib. O qeyd edib ki, son illərdə bu istiqamətdə həyata keçirilən islahatlar nəticəsində orqan transplantasiyası xidməti yeni inkişaf mərhələsinə qədəm qoyub.
Açılış nitqi ilə çıxış edən Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova ölkədə orqan donorluğu və transplantasiya sahəsində görülən praktiki işlər və əldə olunan nəticələr barədə məlumat verib. Mərkəz sədri bildirib ki, ötən il ölkədə 56, cari ildə isə indiyədək 26 vəfat etmiş donordan orqan və toxumalar götürülərək transplantasiyaya ehtiyacı olan xəstələrə uğurla köçürülüb.
Orqan donorluğunun inkişafında maarifləndirmə tədbirlərinin mühüm rol oynadığını qeyd edən Yeganə Abbasova bildirib ki, ictimaiyyətin düzgün məlumatlandırılması, donor mədəniyyətinin təşviqi və orqan bağışlanmasına müsbət münasibətin formalaşdırılması transplantasiya sahəsinin inkişafı üçün əsas prioritetlərdəndir.
Tədbirdə Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyəti sədrinin müavini Günay Abbasova "Donor ol, həyat bəxş et" mövzusunda maarifləndirici təqdimatla çıxış edib. Orqan donorluğu və transplantasiya prosesi ilə bağlı cəmiyyətdə mövcud olan yanlış təsəvvürlərə aydınlıq gətirən məruzəçi donor orqan transplantasiyasının mərhələləri, resipiyentlərin qeydiyyatı, tibbi müayinələr və donor seçimi barədə ətraflı məlumat verib.